Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin, 30 nəfərlik heyətdən ibarət yüksək ixtisaslı kardiocərrahiyyə briqadası ölkəmizdə artıq ənənəvi hal alan daha bir aksiyanı 10-18 iyun 2012 tarixləri arasında Naxçıvan Muxtar Respublikasında həyata keçirdi. Aksiya çərçivəsində 25 yaxın açıq ürək əməliyyatları, eləcə də koronar angioqrafiya, exokardioqrafiya və elektrokardioqrafiya müayinələri icra olundu. Həmçinin Naxçıvan Diaqnostika Mərkəzində 14 iyun 2012-ci il tarixində tibb mərkəzində çalışan və eyni zamanda ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş “Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi“ adlı 5-ci regional elmi-praktiki konfrans keçirildi. Konfransda abdominal aortanın xəstəlikləri, ürək çatışmazlığı, beyin ölümü və ürək-ağciyər reanimasiyası mövzusunda geniş mühazirələr və diskusiyalar aparıldı. Konfrans sonunda iştirakçılar sertifikatlarla təltif olundu. Aksiya çərçivəsində tibb mərkəzinin poliklinaka şöbəsində Ürək və Damar Xəstəliklərinin Risk Amillərinin Epidemiolojik Tədqiqatı” proqramı daxilində Naxçıvanda Muxtar Respublikasında yaşayan əhalidən 250 nəfər müayinə olunmuşdur. Müayinə olunacaq insanlarda gizli keçən ürək xəstəlikləri və onların risk amilləri araşdırılmışdır. Ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri təşkil olunmuşdur.